1 Eylül 2008 Pazartesi

Azerbaycan İstanbul Başkonsolosluğu Kültür Ateşesi Ganay Efendiyev ile röportaj


GÜNAY ӘFƏNDIYEVA: “TÜRKIYƏDƏ YAŞAYAN AZƏRBAYCAN ZIYALILARININ FƏALIYYƏTINDƏN ÇOXLARI XƏBƏRDAR DEYIL”[01.09.2008 17:25]

Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu, Günay Әfəndiyevanın APA-ya müsahibəsi
- Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda konsul olaraq mədəni əlaqələrin inkişafı məsələlərinə nəzarət edirsiniz. Azərbaycan mədəniyyəti Türkiyədə necə qəbul olunur?
- Türkiyə şanlı tarixə malik bir ölkədir. Türklər özləri bunu iftixar hissi ilə qeyd edirlər. Hətta hərdən adama elə gəlir ki, onlar özlərini digər millətlərin nümayəndələrindən bir az yüksəkdə tuturlar. Amma Azərbaycan tarixi, mədəniyyəti, musiqisi və ədəbiyyatı ilə yaxından tanışlıq onlarda azərbaycanlılara qarşı heyranlıq və ehtiram hissləri oyadır. Onlar bizim mədəni irsimiz qarşısında baş əyirlər, xüsusilə son illərdə əldə etdiyimiz nailiyyətlərə çox hörmətlə yanaşırlar. Türkiyə ictimaiyyətinin nümayəndələri ilə çoxsaylı görüşlərimizdə onlar Azərbaycanda mövcud olan zəngin mədəniyyətlə yanaşı, bu mədəniyyətin əsasını qoyan insanlara verilən qiyməti də xüsusilə qeyd edirlər. Onlar prezident İlham Әliyevin mədəniyyət və elm xadimlərinə göstərdiyi maddi-mənəvi dəstəyə xüsusi diqqət yetirirlər. Uzun illər İstanbulda yaşayan və Azərbaycan incəsənətinin, musiqisinin təbliğatı ilə fəal məşğul olan kinorejissor Tofiq İsmayılov və violonçel ustası Eldar İsgəndərova Azərbaycanın xalq artisti fəxri adının verilməsi böyük sevincimizə səbəb oldu.
- İstanbulda fəaliyyət göstərən Azərbaycan ziyalıları çoxdur?
- Həm İstanbulda, həm də ümumiyyətlə Türkiyənin ayrı-ayrı şəhərlərində Azərbaycanın çox sayda elm-incəsənət adamları yaşayır və müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Rəssamlar, müəllimlər, həkimlər, musiqiçilər, incəsənət adamları və alimlərimiz burada yüksək səviyyədə təmsil olunurlar. Bir tərəfdən burada çalışan azərbaycanlılar öz fəaliyyətləri ilə Türkiyə mədəniyyətinin, təhsilinin, iqtisadiyyatının inkişafına əvəzsiz töhfə verirlərsə, digər tərəfdən onların sayəsində Türkiyə vətəndaşları ölkəmiz haqqında real məlumatlar əldə edirlər.
-Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən hansı maraqlı mədəniyyət layihələri həyata keçirilir?
- Biz Türkiyə vətəndaşlarının, eyni zamanda bu ölkəyə gələn turistlərin və buraya akkreditə olunmuş xarici ölkə diplomatlarının Azərbaycanı daha yaxşı tanımaları, mədəniyyətimiz, ənənələrimiz, ölkəmizdə baş verən demokratik proseslərlə daha yaxından tanış olmaları üçün çoxsaylı tədbirlər keçirmişik və hazırda da tərəfimizdən belə tədbirlər təşkil olunur. Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Heydər Әliyevin xatirəsinə həsr olunmuş bir sıra layihələr həyata keçirib. Sərgilər, konsertlər, seminarlarla yanaşı, Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr arasında Heydər Әliyev adına futbol turniri keçirilib. Novruz bayramı ilə bağlı da təntənəli tədbirlər keçirmişik. Türkiyə vətəndaşları əvvəllər özlərinin bəzi qədim ənənələrini nəzərə alaraq, bu bayrama lazımi diqqət ayırmırdılar. Ötən il Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran Novruz bayramının İstanbulun böyük meydanlarından biri olan Sultan Əhməd meydanında keçirilməsində israr etdi. Bu meydana həmişə insan axını olur, hər gün bura minlərlə turist gəlir. Bayramı biz bir məktəbdə keçirdik, bura azərbaycanlıların yaratdığı folklor rəqs ansamblını dəvət etdik, milli şirniyyatlarla və səməni ilə bəzədilmiş xonça sifariş etdik. Həmyerlimiz – rejissor Hilal Mahmudoğlu bayramın baş qəhrəmanları olan Keçəllə Kosanın tamaşasını səHnələşdirdi. Tonqal qalandı, yumurta sındırıldı, pəhləvanlar güləşdi, “Azəri qızı” Günel xalq mahnılarını ifa etdi. Yəni biz çalışdıq ki, dəvət olunan qonaqlar və turistlər Azərbaycanda, Novruz bayramında özünü göstərən ab-havanı hiss etsinlər. Bu, çox mürəkkəb, xüsusi diqqət tələb edən bir iş idi, amma nəticədə möhtəşəm Bahar bayramının keçirilməsinə nail olduq. Bu il isə artıq İstanbul valiliyi bizə Novruz bayramını birgə keçirməyi təklif etdi. Dahi bəstəkar Qara Qarayevin 90 illiyi münasibətilə İstanbulda, Bursada və ӘskişəHərdə istedadlı dirijorumuz Yalçın Adıgözəlovun rəhbərliyi ilə bir sıra simfonik konsertlər keçirildi. Eyni zamanda Bursada elmi konfrans və konsertlərin də daxil olduğu Qara Qarayev musiqisi günləri keçirildi. Bursada yaşayan Azərbaycan bəstəkarı Həsən Adıgözəlzadə musiqi günlərinin təşkil edilməsində bilavasitə iştirak etdi. Tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Әlizadə, Türkiyənin müxtəlif şəHərlərində yaşayan həmyerlilərimiz – musiqişünas Babək Qurbanov, musiqiçilər Ulduz Aslanova və Arif Manaflı, eləcə də Bursa bələdiyyəsi və Türkiyə ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Bu kimi başqa tədbirlər də təşkil edirik.

- Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?
- Bu ölkədə yaşayan Azərbaycan ziyalılarının gördüyü işlərdən ölkəmizdə heç də hamı xəbərdar deyil. Bizim gözəl balaban ifaçımız Әlixan Səmədovun albomları Türkiyədə çox böyük tirajla buraxılır. O, bütün dünyada konsertlər verir, bizim musiqini təbliğ edir. Əlixan Səmədov bu yaxınlarda balaban haqqında bir neçə dildə dərs vəsaiti nəşr etdirib. Həmin kitabda bu musiqi alətinin tarixi, quruluşu ilə bağlı məlumat verilir, ifaçılıq sirləri açıqlanır. Bu kitabın işıq üzü görməsi öz növbəsində ermənilərin milli aləti olan düdüyü balaban kimi təqdim edən “patriot” erməni plagiatorlarına bir cavabdır. Yaxud milli kino və teatr səhnəmizdə bir sıra maraqlı obrazlar yaradan gözəl aktyorumuz, rejissor Cahangir Novruzov Adana universitetlərindən birində müəllim olaraq çalışır. Bu yaxınlarda İstanbulda keçirilən tələbə teatr festivalında onun quruluş verdiyi Maksim Qorkinin “Meşşanlar” pyesi böyük uğurla təqdim olundu. Bizim gənc istedadlı aktrisamız Məlahət Abbasova Türkiyədə çox tanınıb. O, müxtəlif teleseriallarda unudulmaz rollar ifa edib. Məlahət Abbasova həm də rejissorluq fəaliyyəti ilə məşğuldur. Onun Elçinin “Qatil” eyniadlı pyesi əsasında səhnələşdirdiyi eyni adlı tamaşa böyük uğur qazandı, uzun müddət reytinqli teatr afişalarında göründü. Bizim musiqiçilər Sərvər Qəniyev, Zöhrab Adıgözəlzadə, dirijorlar Ramiz Məlikaslanov, Elşad Bağırov, bəstəkar İlyas Mirzəyev və başqaları burada konsert proqramları ilə çıxış etməklə yanaşı, həm də müəllimlik fəaliyyəti ilə məşğuldurlar. Gözəl pianoçumuz İslam Manafov burada özünün “Gənc” adlı kamera orkestrini təşkil edib. Orkestrdə çalışan musiqiçilərin yarısı azərbaycanlılardır. Dünya klassiklərinin əsərləri ilə yanaşı onlar həm də Azərbaycan bəstəkarlarının əsərlərini ifa edirlər. Bu sırada əsərləri Türkiyənin müxtəlif rəsm salonlarını bəzəyən Səmədağa Cəfərov, Sənan Eynullayev, Teymur Rzayev, Ziyad Sultanov, Sabir Mehdiyev və digər gözəl rəssamlarımızın adlarını çəkməyə bilmirəm. İstərdik ki, onların buradakı fəaliyyəti, yaradıcılığı mətbuatda geniş işıqlandırılsın.
- Sentyabrda Türkiyədəki diplomatik missiyanız başa çatır. Bu ölkədə uğurlu fəaliyyətinizə sübut olaraq Təhsil Strukturları Fondunun “Bürc” Kollecinin təsis etdiyi fəxri fərmanla təltif olunmağınızı göstərmək olar.
- Konsulluğumuz Təhsil Strukturları Fondunun “Bürc” Kolleci ilə sıx əməkdaşlıq edir. Biz bu kollecin təhsil müəssisələrindən birində Azərbaycan guşəsi açmışıq. Burada ölkəmiz haqqında kitablar, fotomateriallar, milli geyimlər və musiqi alətləri nümayiş olunur. Bu guşəyə baş çəkənlər Azərbaycan, tariximiz, ədəbiyyatımız, incəsənətimiz, musiqimiz haqqında maraqlı faktlar əldə edir, dillərimiz arasındakı mövcud fərqlərlə tanış olurlar. Həmçinin bu struktur müntəzəm olaraq idman yarışları və mədəniyyət festivalları keçirir. Biz belə festivallara Naxçıvandan “Şərur” qədim yallı qrupunu, Afaq Məlikovanın Dövlət Rəqs Ansamblını dəvət etdik, ümumiyyətlə Azərbaycanda müxtəlif tədbirlərin keçirilməsinə dəstək olduq. Nəticədə onlar məni dövlətlərarası əlaqələrin möhkəmlənməsi sahəsində məni fəxri fərmana layiq gördülər. Təqdimetmə mərasimində təşkilatçılar qeyd etdilər ki, təsis olunduğu beş il ərzində bu mükafat ilk dəfə olaraq xarici vətəndaşa təqdim olunur. Azərbaycanın çox qədim və zəngin mədəniyyətinin qardaş Türkiyədə təbliğində mənim də kiçik bir payım olduğuna sevinirəm.

Hiç yorum yok: