AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı İctimai birliyi) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi 16-22 Mart tarixlərində “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2009” adlı beynəlxalq tədbir təşkil edəcəkdir. Qaynar.info-nun verdiyi xəbərə görə, bu tədbir dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq məqsədi daşıyan mədəniyyətlərarası gənclər mübadiləsi təşəbbüsüdür. Əsas məqsəd Azərbaycanı dünya gənclərinə tanıtmaqdır.
Layihə çərçivəsində dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin, ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.
Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (“dözümlülük”, “yerli adət və ənənələr və qlobalizasiya”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” və s.) müzakirələr etmək şansı qazanacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin, azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olmaqla, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhvə vermək imkanı əldə etmiş olacaqlar.
AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır.
5 Mart 2009 Perşembe
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder