19 Ekim 2009 Pazartesi

Bahtiyar Vahapzadeden bir şiir

Düşmənimiz dostumuzdan çox ikən…
Türkün türklə ədavətə haqqı yox!!!


Bəxtiyar Vahabzadə


Yad əlində tapdanırkan şərəf-şan,
Türkün türklə ədavətə haqqı yox.
Hər işimiz başlanırkan sıfırdan,
Türkün türklə ədavətə haqqı yox.

Dayaq olsun bu gün gərək sol sağa,
Bu vəhdətdən yurdumuza gün doğa.
Bütün millət dönməliykən yumruğa,
Türkün türklə ədavətə haqqı yox.

Tarix bizi imtahana çəkirkən,
İmdad umur hamımızdan bu Vətən.
Dünya da haqq səsimizə kar ikən,
Türkün türklə ədavətə haqqı yox.

Sındırıldı dəyirmanda pərimiz,
Əsir oldu divə bizim Pərimiz,
Dağılırkan ocağımız, pirimiz,
Türkün türklə ədavətə haqqı yox.

Nə çox imiş bu torpağa göz dikən,
Baxa-baxa gözümüzə mil çəkən.
Düşmənimiz dostumuzdan çox ikən,
Türkün türklə ədavətə haqqı yox.

Sinəsini yarmalıyıq zülmətin,
Bu məqsədlə getdiyimiz yol çətin.
Hər gün neçə şəhid verən millətin
Bir biri ilə ədavətə haqqı yox.

Hiç yorum yok: