Ayhan Dəmirçi: "Düşmənlərimizi sevindirməməliyik"
Azərbaycan - Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Dəmirçinin "Həftə içi"nə eksklüüziv müsahibəsi
Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan protokollarla bağlı şərhlər, bəyanatlar səngimək bilmir.
Bu protokollarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı məqamın yer almaması isə narhatlığı daha da gərginləşdirir. Qeyd olunan problemlərlə bağlı suallarımızı Azərbaycan - Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayhan Dəmirçi cavablandırdı.
- Türkiyə ilə Ermənistan arasında imzalanan protokol Azərbaycan və türk xalqı arasında çaşqınlıq yaradıb. AKP iqtidarının səyi nəticəsində baş verən bu açılımın Belçikada yaşayan türkləri üzməsi mütləqdir. Çünki ermənilərlə yaşadığımız problemlər qarşısında AKP iqtidarının Türkiyə ilə Ermənistan arasındakı problemləri çözəcəyi fikri kökündən yanlışdır. Əksinə, AKP hökuməti gələcəkdə daha böyük problemlərin çıxacağına imza atıb. Belçikada yaşayan Azərbaycan və türk xalqı olaraq bu protokolun imzalanmasına qarşı olduğumuzu bildirmişik. Bununla bərabər, AKP hökuməti bu fəaliyyət istiqamətiylə Ermənistanı daha da cəsarətləndirir. Beynəlxalq hüquq normalarını saymayaraq işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyən Ermənistan sərhədlərin açılmasından faydalanaraq çökmüş iqtisadiyyatını gücləndirmək düşüncəsiylə çirkin əməllərini davam etdirəcək.
- Oradakı erməni təşkilatlarının bu məsələyə münasibəti necədir?
- Erməni təşkilatlarının bu məsələyə qarşı mövqeyi və düşüncəsinin müsbət olduğunu düşünürəm. Buna qarşı çıxanlar da var. Amma əksəriyyətinin sərhədlərin açılmasına müsbət münasibət sərgilədiyini müşahidə edirik. Çünki Belçikada onların qəti etirazlarını görməmişik. Bu da təbiidir. Ona görə ki, çökməkdə olan Ermənistan iqtisadiyyatının yenidən canlanması üçün bir fürsət olduğu qənaətindədirlər.
- Belçikadakı Türkiyə diaspor təşkilatları arasında protokola qarşı çıxanlar varmı?
- Bəli. Protokola qarşı çıxanlarımız daha çoxdur. Çünki həll edilməsi zəruri olan problemlərimiz var. Bu problemlər öz həllini tapmadıqca protokol və sərhədlərin açılmasına qarşı olacağıq. Türkiyənin sərhədlərini tanımayan, qondarma "soyqırım" iddialarından vaz keçməyən və işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çəkilməyən, sözdə erməni dövlətiylə dostluq qurmağımıza və sərhədlərin açılmasına qəti etiraz edirik.
- Bu məsələdə Azərbaycan və Türkiyə diasporu arasında fikir ayrılığı varmı?
- Türkiyə ilə Azərbaycan arasında fikir ayrılığı iqtidarlar arasında azacıq ola bilər. Amma Türkiyə və Azərbaycan diasporu arasında fikir ayrılığının ola biləcəyini düşünmürəm. Diaspor və xalq olaraq bizim bütöv və həmrəy olduğumuz aşkardır. Buna heç kimin şübhəsi olmasın. Bütün iqtidar, QHT-lər, təşkilatlar və xalqlarımızın digər nümayəndələrinin təhrikedici hərəkət və danışmalardan qaçmasını arzu edirik. İki qardaş xalq arasında birlik və bərabərliyi pozmaq və buna təhrik etmək istəyənlər olacaq. Ona görə də diqqətli olmağımız lazımdır. Bəzi təxribatçıların oyununun qurbanı olmamağımızı, emosiyalara qapılmamağımızı arzu edirəm. Çünki çox xain planlarla iki qardaşı bir-birindən ayırmağa və birliyimizi yıxmağa çalışan şər qüvvələrin iş başında olduğunu hamımız bilirik. Bu xaincəsinə hazırlanmış plana alət olub düşmənlərimizi sevindirməməliyik. Bundan başqa, bayraq məsələsindən (Azərbaycan bayrağının Bursada təhqir olunması - Ə.Z.) də bəziləri istifadə edib iki qardaş xalqı qarşı-qarşıya gətirməyə çalışırlar. Bu olaya da diqqətli yanaşmağımız gərəkdir.
- Sərhədlər açılacağı təqdirdə hansı addımları atacaqsınız?
- Sərhədlərin açılması bizim üçün nəsə ifadə etmir. Sərhədlər açılarsa da, əvvəllər olduğu kimi, yenə də həmin istiqamətdə işləyəcəyik. Ermənilər Azərbaycan və Türkiyənin irəli sürdüyü şərtləri qəbul etmədikcə, işğal etdiyi torpaqlardan çəkilmədikcə, beynəlxalq hüquq normalarını tanımadıqca sərhədlər açılsa belə, uzun sürməyəcək və sonradan qapanacaq. Çünki ermənilərin Qarabağda qətlə yetirdikləri Azərbaycan türklərinin qardaşları - azərilər açılacaq olan sərhəd boyu yaşayırlar. Keçmişdən indiyədək yaşanmaqda olan erməni qətliamlarının ağrı-acıları xalqımızın ürəyində qaldığı hamı tərəfindən bilinir. Bunu ermənilər də gözəl başa düşürlər. Bu alçaqcasına törədilən qətliamı unudacağımızı gözləmək hər halda yanlışdır.
- Birgə toplantılar keçirib və bəyanatlar vermisinizmi?
- Bəli. Təşkilat olaraq toplantılar baş tutub. Sərhədlərin açılması ilə bağlı protokol imzalanması və Azərbaycan bayrağının Bursada təhqir olunması müzakirə edilərək qınanıb.
- Azərbaycanın Dövlət Müstəqilliyi günü necə qeyd olundu?
- Azərbaycanın 18 il öncə elan etdiyi Dövlət Müstəqilliyi günü təşkilatımız tərəfindən düzənlənən toplantıyla qeyd olundu. Azərbaycanın keçmişi və gələcəyi ilə bağlı müzakirələr aparıldı. Bizlər də Azərbaycan - Belçika Dostluq Cəmiyyəti olaraq Azərbaycanın müstəqillik yolunda aparmış olduğu mübarizəyə hörmətlə yanaşırıq. Belçikada keçirdiyimiz Dövlət Müstəqilliyi gününü Qarabağda qeyd edəcəyimizə inanırıq.
Əli Zülfüqaroğlu
20 Ekim 2009 Salı
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder